Qenbunun qara gəmiləri
Qenbunun qara gəmiləri (元文の黒船, Qenbun no kurofune) – 1739-cu ildə Rusiya imperiyası ilə Yaponiya arasında baş vermiş insident. Martin Spanberqin başçılıq etdiyi Rusiya ekspediyasının Yaponiyaya çatması Tokuqava şoqunluğunda həyəcan təbilinə səbəb olmuşdur. İnsident Qenbun dövrünün 4-cü ilində baş verdiyi üçün belə adlanmışdır. Bu hadisə Yaponiya ilə Rusiya imperiyası arasında ilk birbaşa əlaqə olmuşdur.
== Zəmin ==
XVIII əsrin birinci yarısında Rusiya imperiyası Kuril adalarını tədqiq etmək və Yaponiya ilə əlaqələr qurmağa maraqlı idi. Bu dövrdə Denbey, Qonza və Soza kimi qəza nəticəsində Rusiyaya gəlib çıxmış yapon dənizçilərin Yaponiya haqqında verdikləri məlumatlar Rusiyada Yaponiyaya qarşı marağın oyanmasına səbəb olmuşdu.
Rusiya imperiyasına xidmət edən Danimarka səyyahı Vitus Berinq 1733-cü ildə Kuril adalarını araşdırmaq və Yaponiyaya dəniz yolu kəşf etməklə vəzifələndirilmişdi. Berinqin ekspedisiyası iki partiyadan ibarət idi. "Archangel Michael" və "Saint Gabriel" gəmilərindən ibarət ikinci partiyaya Martin Spanberq və Vilyam Valton rəhbərlik edirdi. İkinci partiyasının əsas vəzifəsi cənuba səyahət edərək Amerika sahillərinin Yaponiyaya yaxın olub-olmadığını müəyyən etmək idi.